+994 12 431 35 31; +994 12 433 66 84 / 87 / 89 / 91 +994 50 208 02 55

Nevrozların fizioterapevtik müalicəsi

Nevrozlar – ali sinir fəaliyyətinin psixogen mənşəli funksional pozuntularıdır. Nevrozların kliniki təzahürləri olduqca müxtəlifdir və somatik nevrotik pozuntuları, vegetativ pozuntuları, müxtəlif fobiyaları, distimiyanı, obsessiyaları, kompulsiyaları, emosional-mnestik problemləri özündə birləşdirir. “Nevroz” diaqnozunu yalnız kliniki təzahürünə görə ona bənzər olan psixiatrik, nevroloji və somatik xəstəlikləri inkar etdikdən sonra qoymaq olar. Müalicə 2 əsas istiqamətdə: psixoterapevtik və medikamentoz vasitələrlə aparılır.

İlk dəfə olaraq “nevroz” termini 1776-cı ildə Uilyam Kullen adlı bir şotland həkimi tərəfindən təklif olunmuşdur. "Nevroz" termininin müəllifi bu ad altında orqanizmin hər hansı bir üzvünün orqanik zədələnməsi ilə bağlı olmayan insan səhhətinin funksional pozuntularını nəzərdə tuturdu. XBT-10 üzrə nevrozların kodu F40-F48-dir.

İ.P.Pavlov öz fizioloji təlimi çərçivəsində nevrozu baş beyin yarımkürələrinin qabığında xarici qıcıqların gücünə və davametmə müddətinə görə qeyri-adekvat olması səbəbindən sinir proseslərinin həddən artıq gücə düşməsi nəticəsində ali sinir fəaliyyətinin xroniki uzun sürən pozulması kimi müəyyən edirdi. XX əsrin əvvəllərində „nevroz“ kliniki termininin həm insanlara, həm də heyvanlara aid olaraq tətbiq edilməsi çoxlu müzakirələrə səbəb olmuşdur.

Nevrozların statistikası

Hal-hazırda həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə nevrozların müxtəlif formaları ilə xəstələnmə hallarının getdikcə artması qeyd edilir. Mütəxəssislər bu faktı ətraf mühitin get-gedə artan inkişaf tempi ilə əlaqələndirirlər. ÜST-nın məlumatına görə, son 65 ildə dünyada nevrozla xəstələnmə halları 20 dəfədən çox artmışdır. Nevrozların epidemioloji tədqiqatlarının nəticələri bu problemin təkcə tibbi deyil, həm də sosial-iqtisadi əhəmiyyətini göstərir: nevrozların sayı hər 1000 nəfərdən 20-25-nə bərabərdir. Orta hesabla şəhər əhalisinin 20-30%-i, kənd əhalisinin isə 10-15%-i nevrozdan əziyyət çəkir. Psixi xəstəliklər arasında nevrozların payı 20-25%-dir. Ümumilikdə, tibbi praktika müxtəlif poliklinikalar və xəstəxanalarda olan xəstələrin 40%-nin nevrozlardan əziyyət çəkdiyini aşkar etmişdir. Nevroz xəstəliyilə bağlı aparılan araşdırmalar nevrotik pozuntuların 30 yaşdan yuxarı kişi və qadınlarda daha çox rast gəlindiyini göstərir. Qadınlarda nevroloji xəstəliklər adətən kişilərə nisbətən daha ağır şəkildə təzahür edir. Həmçinin qadınlar arasında nevrozun isterik növünun daha çox rast gəlinməsi qeyd olunmuşdur.

Nevrozlar haqqında elmi nəzəriyyələr

Hal-hazırda psixotravmatik amillərin rolu ümumi olaraq qəbul edilir. Müxtəlif psixiatrik məktəblərin nümayəndələri tərəfindən irəli sürülən nəzəriyyələr çox fərqlidir və bəzən bir-birinə tam əkslik təşkil edir.

Psixoanaliz.

Z. Freyd: Onun konsepsiyası nevrozların psixogen mənşəyinin postulatına əsaslanaraq, onların konkret simptomlarının simvolik şəkildə şəxsiyyətdaxili münaqişənin mahiyyətini ifadə etdiyini - xəstənin keçmiş həyatında mövcud olan problemlərin nəticələri olmasını iddia edir. Nevroz - qadağan edilmiş meyllər və psixoloji müdafiə arasında kompromisin bir növüdür.

Ekzistensializm.

V. Franklın yazdığı kimi, nevroz həyatın mənasının itirilməsinin səbəb olduğu ekzistensial vakuumun nəticəsidir. Belə nevrozlara nusogen (nus - məna deməkdir) deyilir. Onların təbiəti insan psixikasının ən yüksək təzahürləri ilə bağlıdır. V. Frankla görə, nevrotik pozuntular həyatın mənasını əldə etməyin fərdi bir yoludur.

Humanistik istiqamət.

A.Maslou hesab edir ki, nevroloji xəstəliklərin təbiəti insanın motivasion sferasının strukturunda yerləşir. Nevroz əsas ehtiyacların frustrasiyasının nəticəsidir. A. Masloun sözlərinə görə, tələbat nə qədər yüksək olarsa, frustrasiyanın vəziyyəti də bir o qədər böyük olur.

Nevrozun sosial nəzəriyyəsi.

C. Furst iddia edir ki, nevrozların səbəbi - cəmiyyətdə sosial bərabərliyin olmamasıdır – bu, ifrat dərəcədə bir solçu yanaşmadır. Bu nəzəriyyədə nevrozların formalaşmasında əsas səbəb sosial amildir.

Fizioloji yanaşma.

Xarici zərərli amilin təsiri nevrozun əsas səbəbi olaraq qəbul olunur. Bu, beynin müəyyən bir patoloji vəziyyətidir. İnsanlarda nitq baş beynin təşkilatçılığı ilə fəaliyyət göstərən ikincili siqnal sistemidir. Bundan psixoterapiya üçün əhəmiyyətli bir nəticə çıxır: sözün təsiri ilə ali sinir fəaliyyətini yenidən qurmaq olar. Nevroz üçün bu xəstəliyə yüksək konstitusional meyli sübut edən genetik tədqiqatlar da böyük əhəmiyyət daşıyır.

Rus alimlərinin fikrincə, nevroz - insanın onu əhatə edən gerçəkliklə xüsusi əhəmiyyət kəsb edən bir əlaqəsinin pozulması nəticəsində ortaya çıxan psixogen bir xəstəlik olaraq qəbul edilir. Nevroz psixi xəstəliklərin olmadığı halda özünü xüsusi psixoloji vəziyyətlərlə göstərir. Nevrozun patogenezində psixotravma mühüm rol oynayır. Neuroz – travma yaradan şəraitə uyğunlaşma qabiliyyəti kimi qəbul edilir. Nevrozda klinik təzahürlərin məzmunu psixotravmanın mahiyyətini əks etdirir.

Nevroz - sosial statusundan, təhsil səviyyəsindən, maddi təhlükəsizliyindən, ailə vəziyyətindən asılı olmayaraq müxtəlif yaşlarda olan kişilərdə və qadınlarda baş verə bilər. Həyatın təbii bioloji mərhələlərində: yetkinlik dövründə və bədən funksiyalarının sönməsi mərhələsində olan şəxslər nevroloji xəstəliklərin inkişafının xüsusi bir qrupunu təşkil edirlər.

Uşaqlarda nevrоz tez-tez pubertat dövrdə qeyd olunur. Bu dövrdə hormonal fonda kəskin dəyişikliklər yeniyetmələri müxtəlif həyat hadisələrinə xüsusilə həssas edir. Lakin uşaqlarda çox vaxt nevroz öz-özünə keçib gedir və təhlükəli və uzun sürən ruhi xəstəliklərin inkişafına gətirib çıxarmir. Eyni zamanda qocalığın yaxınlaşması zamanı yaşlı insanlarda meydana çıxan nevroz, özündə müxtəlif ruhi pozuntuların inkişafı təhlükəsini daşıyır və tez-tez daxili orqanların xəstəliklərinə səbəb olur.

Nevroz nəyə gətirib çıxara bilər?

Nevroz ən çox hallarda xəstənin zehni fəaliyyətinin enməsinin, fiziki dözümünün və məhsuldarlığının azalmasının, əmək qabiliyyətinin pisləşməsinin səbəbi olur. Bundan əlavə, nevrozun inkişaf etməsi xəstədə açıqaşkar xasiyyətin mənfi cəhətinin ifadə olunmasına: münaqişələrə meyyliyə, tez qıcıqlanmaya, təcavüzkarlığa gətirib çıxarır ki, onun nəticədə cəmiyyətdə təmaslarının məhdudlaşmasına və sosial qruplarda əlaqələrinin pisləşməsinə səbəb olur. Vaxtında və ya düzgün aparılmamış müalicə nəticəsində nevroz psixotik pozuntulara çevrilə bilər ki, bunlar üçün də xəstənin şəxsiyyətinin strukturunun dəyişiklikləri xarakterik olur.

XBT-10-da "nevroz" termini əvəzinə " nevrotik pozuntu " ifadəsindən istifadə edilmişdir. Lakin müasir dövrdə "nevroz" anlayışından ali sinir fəaliyyətinin xroniki və ya kəskin stressin təsirindən yaranan psixogen pozuntularını ifadə etmək məqsədilə çox istifadə olunur. Bu xəstəliklər digər etioloji faktorların (məsələn, toksiki təsirlər, travmalar, keçirilmiş xəstəliklər) təsiri ilə əlaqəli olduqda, o zaman onları nevrozabənzər sindromlara aid edirlər.

Nevrozun səbəbləri

Nevroz kimi bir problemi nəzərə alaraq, bu xəstəliyin bir çox səbəblərin birləşməsindən yaranan vəziyyətlər kateqoriyasına aid olduğunu başa düşmək lazımdır. Nevrozların etiologiyasını müəyyən edərkən, bir qayda olaraq, hansısa bir səbəbin ayırd edilməsi çox çətindir. Lakin məhz sinir pozuntusunun etiologiyasının müəyyən edilməsi istənilən növ nevrozun müalicəsində çox əhəmiyyətli bir mərhələ hesab edilir.

Bioloji səbəblər: irsiyyət və konstitusiya

Psixiatrların verdiyi məlumata görə, adətən 100 xəstədən 20-ə qədərinin valideyni nevrozdan əziyyət çəkib. Hələ ki, konkret bir "nevroz geni" aşkar edilməmişdir, lakin bu xəstəliyin etiologiyasında genetik meyllər ciddi şəkildə vurğulanır. Məsələn, nevroza tutulma ehtimalı əkizlərdə çox yüksəkdir. Əgər əkizlərdən biri bu xəstəlikdən əziyyət çəkirsə, bu problemin başqa əkizlərə təsiri olacağı ehtimalı 45% -ə bərabərdir.

Bioloji səbəblərə insan orqanizminin konstitusiyası da aid edilir. Tədqiqatlar müəyyən edib ki, hiperstenik və ya asteniklər normosteniklərə nisbətən nevrozla daha çox xəstələnirlər. Həmçinin qadınların və uşaqların bu xəstəlikdən daha çox əziyyət çəkdikləri sübut edilmişdir.

Şəxsiyyətin xarakteri

Nevrozların yaranmasına xəstənin xasiyyəti, həmçinin onun şəxsiyyətinin müəyyən psixo-fizioloji xüsusiyyətləri təsir göstərir. Məsələn, nevrasteniya xəstələri üçün yüksək dərəcəli məsuliyyətlilik, başqalarının tənqidinə həssas yanaşmaq xarakterikdir. İsterik nevrozdan əziyyət çəkənlərdə çox vaxt özünə həddən artıq yüksək qiymət vermək və eqoizm müşahidə edilir. Sayrışan hallar nevrozu olan xəstələrdə özünə inamsızlıq və xarakter zəifliyi mövcud olur. İnsanın xasiyyəti və onun həmin şəxsin həyatında baş vermiş hadisələrə necə təsir etməsi nevroz kimi bir xəstəliyin meydana gəlməsində əhəmiyyətli rol oynayır.

Uşaqlıqdan gələn problemlər

Nevrozların etiologiyası bu xəstəliyin inkişafı üçün bir ön şərt kimi, həmçinin uşaqlıq dövründə baş verən psixi travmaları qeyd edir. Bu, yaxın adamların itkisi, ailədə münaqişələr və narahat vəziyyət, məktəbdə alınmış psixoloji travma ola bilər. Çox vaxt nevrozu olan insanlar heç ağıllarına belə gətirmirlər ki, xəstəliklərinin əsl səbəbi onların uşaqlıq dövründə gizlənmiş olur.

Psixogen amillər

Nevrozun əsas səbəbi (klinik variantın inkişafından asılı olmayaraq) stressə səbəb olan psixi travmadır. Ən çox bu, əvəzsiz bir itki (yaxın adamın ölümü), əmlakın əldən çıxması, səhhət və rifah üçün təhlükə (ciddi xəstəlik, məhkəmə istintaqı barəsində xəbər), alçaldılma, iş yerinin itirilməsi, həyat və əmək fəaliyyəti üçün dözülməz şəraitin yaradılması olur. Lakin xəstəlik əlverişsiz bir vəziyyətə birbaşa və dərhal reaksiya kimi yaranmır. Həmin şəxs vəziyyəti yenidən təhlil edir və əgər o, bunun öhdəsindən gələ bilmirsə, xəstəliyin tədricən inkişafı başlayır. Bəzən xəstə təhtəlşüurunda baş verənlər barəsində heç şübhələnmir də.

Sosial-psixoloji amillər

Nevrozun yaranmasının sosial səbəbləri altında ilk növbədə insanın peşəkar fəaliyyəti nəzərdə tutulur. Bu, xəstənin beyninin məlumatlarla həddən artıq yüklənməsi, eyni hərəkətlərin uzun müddət monoton şəkildə icrası ola bilər. Eyni kateqoriyaya ailə problemlərini, pis məişət şəraitini, iş yerində olan narahatlıqları, şəhər nəqliyyatında basabasın olmasını və digər səbəbləri əlavə etmək olar. Bu xəstəliyin yaranmasının ön şərtləri çox vaxt uşaqlıq dövründə baş verir. Onlar uşağın tərbiyəsi və yaşayış xüsusiyyətləri ilə bağlı olur. Əgər bir uşaq daim nahaq yerə təriflənər və onun mövcud olmayan keyfiyyətləri dəstəklənərsə, sonra yetkin yaşına çatdıqda əsl həyatın tələbləri qarşısında onun problemləri yarana bilər. Eyni şəkildə, əgər valideynlər övladlarının tərbiyəsində despotik modelə riayət etsələr, yaşlı həyatında o, isteriyadan əziyyət çəkə bilər. Həm fiziki, həm də zehni yorğunluq da nevrozların inkişafına təkan verə bilər.

Orqanizmi zəiflədən xəstəliklər (arterial hipertoniya, mədə xorası, xroniki pielonefrit, dəmir çatışmazlıqlı anemiya), həmçinin müxtəlif infeksion xəstəliklər də nevrozun yaranmasına səbəb ola bilər.

Yetişə bilinməyən hədəflər, perfeksionizm

Məhz bu amil çox vaxt nevrozun yaranmasına səbəb olur. Burada problem xəstənin məruz qaldığı kədərin böyüklüyündə və ya həyatında az uğura nail olmaqda deyil, onun həyatdan daha çox şey istəməsi, lakin müəyyən problemlər səbəbindən buna nail ola bilməməsində olur. Nevrozlara daha çox o şəxslər məruz qalır ki, onlar fəaliyyət göstərməyi sevir, daim hərəkətdə olur, nəyəsə can atır, yerinə yetirə biləcəklərindən daha artığını planlaşdırırlar. Lakin insan bilməlidir ki, onun bütün arzuları həyata keçə bilməz. Məhz buna görə də insan həyatda öz qarşısına düzgün hədəflər qoymalıdır. Bu hədəflər nə qədər realistik olarsa, onlara nail olmaq daha da asanlaşar və nevroz "qazanmaq" şansı xeyli azalmış olar.

Nevrozların inkişaf mexanizmləri

Şəxsiyyətin aksentuasiyası, onun psixoloji xüsusiyyətləri nevrozun inkişafında çox mühüm rol oynayır. Nevrozun patogenetik mexanizmləri çox vaxt onun klinik növləri (nevrasteniya, isterik nevroz, sayrışan hallar nevrozu) tərəfindən müəyyən edilir. İstənilən nevrotik vəziyyətin əsas səbəbi, təəssüratların kəskin şəkildə vurğulanmış emosionallıqla qarşılanması ilə birgə çoxyönlü tendensiyalı şəxsiyyətdaxili münaqişələrdir.

Nevrozların inkişaf mexanizmini öyrənərkən, nəzərə alınır ki, nevrotik vəziyyətə yalnız itki, zərər, təhlükə və ya təhqir faktını göstərən siqnallar deyil, həm də birbaşa olaraq ehtiyacların ödənilməməsi səbəb ola bilər. Mütləq surətdə ödənilməsi tələb edilən insanın həyati ehtiyacları 3 kateqoriyaya bölünür: 1) maddi - bioloji: fərdi və ya ailəvi mövcudluğu (yemək, yaşayış, geyim) təmin etmək vasitələrinə ehtiyacın olması; 2) sosial: cəmiyyətdə müəyyən bir mövqe tutmaq, ətrafdakı şəxslərin təqdirindən, diqqətindən, hörmətindən, məhəbbətindən yararlanmaq ehtiyacı; 3) ideal: onu əhatə edən aləmin və onun daxilində öz yerinin dərk edilməsi üçün mənəvi, mədəni, informasiya ehtiyacları. Bütün bu ehtiyaclar mürəkkəb fərdi əlaqələri və ziddiyyətləri ortaya çıxarır. Bu isə, öz növbəsində, şəxsiyyətin zehni və funksional dezadaptasiyasına səbəb olur və nevrozun formalaşmasına gətirib çıxarır.

Nevrozun patogenetik aspektləri

Nevrozun patogenezinin müasir konsepsiyası, onun inkişafında başlıca rolu limbik-retikulyar kompleksin, ilk növbədə ara beynin hipotalamik şöbəsinin funksional pozuntusuna verir. Baş beynin bu strukturları vegetativ, emosional, endokrin və visseral sahələr arasında daxili əlaqələrin və qarşılıqlı fəaliyyətin təmin edilməsinə məsuliyyət daşıyır. Kəskin və ya xroniki stressli vəziyyətin təsiri altında baş beyndə inteqrativ proseslərin pozulması və dezadaptasiyanın inkişafı baş verir. Bu zaman beyin toxumalarında morfoloji dəyişikliklər müşahidə edilmir. Dezinteqrasiya prosesləri visseral sahəni və vegetativ sinir sistemini əhatə etdiyindən, nevrozun klinikasında psixi simptomatika ilə yanaşı, somatik simptomlar və vegetativ-damar distoniyasının əlamətləri də müşahidə olunur.

Nevrozlarda limbik-retikulyar kompleksin pozuntuları neyrotransmitter disfunksiyası ilə müştərək şəkildə qeyd olunur. Belə ki, narahatlığın mexanizminin öyrənilməsi baş beynin noradrenergik sistemlərinin çatışmazlığını aşkar etmişdir. Belə güman olunur ki, patoloji narahatlıqlar benzodiazepin və GAYT-erqik (qamma-amin yağ turşusu) reseptorlarının anomaliyası və ya onlara təsir edən neyrotransmitterlərin miqdarının azalması ilə əlaqədardır. Həyəcanlı halların müalicəsində benzodiazepin qrupundan olan trankvilizatorların effektivliyi bu fərziyyənin doğru olmasını bir daha təsdiq edir. Beynin serotonergik sisteminin fəaliyyətinə təsir göstərən antidepressantların müsbət effekti beyin strukturlarında serotonin mübadiləsinin pozulması ilə nevrozun patogenetik əlaqəsini göstərir.

Nevrozların təsnifatı

Xəstənin fərdi xüsusiyyətləri, orqanizmin psixofizioloji vəziyyəti və müxtəlif neyrotransmitter sistemlərinin disfunksiyanın spesifikliyi nevrozların klinik formalarının müxtəlifliyini müəyyən edir. Klassik nevrologiyada əsas nevrotik pozuntuların 3 növü ayırd edilir: nevrasteniya, isterik nevroz və sayrışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu).

Müstəqil nevrologi vahid olaraq, depressiv nevroz, ipoxondrik nevroz, fobik nevroz da fərqləndirilir. Sonuncu obsessiv-kompulsiv pozuntunun bir hissəsidir, çünki sayrışan hallar (obsessiyalar) nadir hallarda təcrid olunmuş xarakter daşıyır və adətən, obsessiv fobiyalarla müşayiət olunur. Digər tərəfdən, XBT-10-da həyəcanlı-fobik nevroz "narahatlıq pozuntusu" adı ilə ayrıca olaraq qeyd edilmişdir. Kliniki təzahürlərin xüsusiyyətlərinə görə, onu panik hücumlar (paroksismal vegetativ böhranlar), generalizə olunmuş həyəcan pozuqluğu, sosial fobiyalar, aqorafobiya, nozofobiya, klaustrofobiya və s. formalara təsnif edirlər.

Nevrozlara həmçinin somatoform (psixosomatik) və post-stress pozuntuları da aid edirlər. Somatoform nevroz zamanı xəstənin şikayətləri somatik xəstəliklərin klinikasına (məsələn, stenokardiya, pankreatit, peptik xora, qastrit, kolit) tam uyğun gəlir, lakin keçirilən laboratoriya testlərinin, EKQ, qastroskopiya, ultrasəs, irriqoskopiya, kolonoskopiya və s. ətraflı müayinələrin nəticəsində bu patologiyaların heç biri onda aşkar edilmir. Xəstənin anamnezində psixotravmatik vəziyyətin olması qeyd edilir. Stressdən sonrakı nevrozlar təbii fəlakətlərə, texnogen qəzalara, döyüşlərə, terror aktlarına və digər kütləvi faciələrə məruz qalan insanlarda müşahidə olunur. Onlar kəskin və xroniki növlərə bölünür. Birincisi, ötəri olur və faciəvi hadisələr zamanı və ya dərhal onlardan sonra, bir qayda olaraq isterik tutma şəklində təzahür edir. İkincisi tədricən şəxsiyyət dəyişilməsinə və sosial dezadaptasiyaya (məsələn, “müharibə iştirakçısı” sindromu) gətirib çıxarır.

Nevrozun inkişaf mərhələləri

Nevroloji pozuntular öz inkişaf dövründə 3 mərhələdən keçir. İlk 2 mərhələdə xarici təsirin, daxili səbəblərin və ya aparılan müalicənin təsiri altında nevrozun bu mərhələləri heç bir iz qoymadan aradan qaldırıla bilər. Psixotravmatik faktor uzun müddət təsir etdikdə, xəstənin ixtisaslı psixoterapevtik və / və ya dərman müalicəsi aparılmadığı halda üçüncü mərhələ yaranır - xəstəlik xroniki nevroz mərhələsinə keçir.Şəxsiyyətin strukturunda davamlı dəyişikliklər yaranır ki, bu da hətta effektiv aparılmış müalicə şəraitində belə davam edir.

Nevrozun dinamikasında birinci mərhələ nevrotik reaksiyadır - qısamüddətli nevrotik bir pozuntu olub, 1 aydan çox davam etmir və kəskin psixotravma nəticəsində yaranır. Uşaqlar üçün tipikdir. Nadir bir vəziyyət olaraq, psixi mənada tamamilə sağlam olan insanlarda da müşahidə edilə bilər.

Nevrotik pozuntunun daha uzun sürməsi, davranış reaksiyalarında baş verən dəyişiklik və xəstədə öz vəziyyətinin qiymətləndirilməsinin əmələ gəlməsi nevrotik halın inkişafından, yəni əsl nevrozdan xəbər verir. 6 ay – 2 il müddətində müalicə olunmayan nevrotik vəziyyət - Şəxsiyyətin nevrotik inkiĢafının formalaşmasına gətirib çıxarır. Xəstənin özü və yaxınları onun xarakteri və davranışında əhəmiyyətli bir dəyişikliyin olmasını qeyd edir və baş vermiş vəziyyəti "onu dəyişiblər" ifadəsi ilə əks etdirirlər.

Nevrozun ümumi simptomları
Nevrozun müalicəsinə başlamazdan əvvəl, xəstənin vəziyyətini psixotik pozulmalardan aydın şəkildə fərqləndirmək lazimdir. Nevrozların ayırd edilməsi meyarları aşağıdakılardır:
-nevrozların formalaşmasında aparıcı rolu psixogenetik amillər oynayır;
-xəstə öz vəziyyətinin anormallığını dərk edir və nevrozun simptomlarını kompensasiya etmək üçün səy göstərir; g
-nevrotik pozuntular daim geridönən xarakterə malik olur;
-xəstənin obyektiv müayinəsi zamanı onda şəxsiyyət dəyişikliyinin əlamətləri aşkar edilmir;
-xəstənin öz vəziyyətinə tənqidi münasibəti saxlanmış olur;
-yaranan bütün əlamətlər xəstəyə çətinlik hissi yaşadır;
-xəstə öz həkimi ilə əməkdaşlıq etməyə hazırdır, müalicədə uğur əldə etmək üçün səy göstərməyə çalışır.
Nevroz əlamətləri arasında 2 böyük qrup fərqləndirilə bilər: psixoloji əlamətlər və somatik simptomlar. Onları daha ətraflı təsvir edək.

Nevrozun psixoloji əlamətləri
-xəstədə emosional sabitliyin olmaması;
-aydın bir səbəb olmadan əhvali-ruhiyyənin tez-tez dəyişməsi;
-xəstədə qətiyyətsizliyin və təşəbbüssüzlüyün yaranması;
-adekvat özünüqiymətləndirmənin olmaması: bacarıqların həddindən artıq kiçildilməsi və ya öz qabiliyyətinin şişirdilməsi;
-obsessiv (sayrışan) idarəolunmaz qorxunun yaranması;
-həyəcan hissi, hər hansı bir pis hadisənin gözlənməsi;
-həddindən artıq əsəbiliyin, qıcıqlanmanın olması;
-narahatlıq və tələsik hərəkətlər etməyə meyllilik;
-ətrafdakılara qarşı münaqişəyə və təcavüzkarlığa meyllilik;
-baş verən hadisələrə tənqidi və saymazyana münasibətin olması;
-şəxsi planlarında qeyri-müəyyənlik, istəklərin təzadlılığı;
-vərdiş etdiyi həyat tərzində ən kiçik dəyişikliklərə həddindən artıq reaksiyanın verilməsi;
-hər hansı bir obyektiv səbəb olmadan ağlamağa meyllilik;
-xofluluq, həssaslıq, təəssüratlılığın güclənməsi;
-dəymədüşərlik, başqalarının sözlərinə haqsız irad tutulması.

Nevrozun geniş yayılmış simptomlarından biri - psixotravmatik hadisənin üzərində diqqətin cəmləşməsidir. Xəstə daim baş verən hadisə barəsində fikirləşir, keçmişi təhlil edir və öz təqsirini təsdiqləməyə çalışır. Xəstə diqqətini müsbət fikirlər üzərində cəmləşdirə bilmir, çünki onun bütün düşüncələri həyatının mənfi anlarına tərəf yönəlmiş olur.

Nevrozun bir əlaməti də xəstənin əmək qabiliyyətinin əhəmiyyətli dərəcədə azalmasıdır. Xəstə vərdiş etdiyi iş həcmini yerinə yetirə bilmir. Həmin şəxsdə əməyin keyfiyyət göstəriciləri aşağı düşür. O, standart yüklərdən tez yorulur.

Nevrozun geniş yayılmış simptomlarından biri koqnitiv və mnestik funksiyaların pozulmasıdır. Həmin şəxsdə diqqətin cəmləşdirilməsində problemlər yaranır. Onun üçün yaddaşının dərinliklərindən tələb olunan məlumatların çıxarılması çətinləşir. Xəstənin düşüncə qabiliyyəti zəiflədiyindən, o, verilən suallara cəld cavab verə bilmir.

Nevrozun tez-tez rast gəlinən simptomlarından biri də xarici qıcıqlara həssaslığın artmasıdır. Xəstələr yüksək səslərə kəskin reaksiya verir və çox aşağı küyləri belə eşidə bilirlər. O, parlaq işığın təsirindən qıcıqlanır və günəş işığından özünü narahat hiss edir. Nevrozun simptomlarından biri də meteohəssaslıqdır: xəstə hava şəraitinin dəyişilməsini ağır keçirir. Nevrozlu xəstə üçün iqlim zonalarının dəyişdirilməsi ağrılı simptomların əhəmiyyətli dərəcədə kəskinləşməsinə səbəb olur. Nevrozun yayılmış simptomları arasında yuxu ilə əlaqədar müxtəlif problemlərin olması xüsusi yer tutur. Sinir sisteminin əhəmiyyətli dərəcədə oyanıqlığı səbəbindən xəstənin vərdiş etdiyi vaxtda yuxuya getməsi çox çətinləşir. Yuxuya gedən xəstə dəhşətli yuxularını "izləmək" məcburiyyətində qalır. Səhər oyandıqda həmin şəxs özünü çox əzgin hiss edir, çunki onun yuxusu enerji bərpasını təmin etmir. Günün birinci yarısında xəstə özünü əzgin və yuxulu hiss edir, amma nahardan sonra onun vəziyyəti yaxşılaşır.

Nevrozun geniş yayılmış əlamətlərindən biri də müxtəlif fobiyaların (qorxuların) olmasıdır. Aşağıda nevroz zamanı ən çox rast gəlinən fobiyaların adları sadalanır:
-kardiofobiya – ürək xəstəliyindən qorxma;
-kanserofobiya – xərçəng xəstəliyindən qorxma;
-klaustrofobiya – qapalı məkanlardan qorxma;
-aqorafobiya – geniş məkanlarda, kütlə arasında olmaqdan qorxma;
-aerofobiya – təyyarədə uçmaqdan qorxma;
-kontrleptofobiya – seksual təcavüzə məruz qalmaqdan qorxma;
-hidrofobiya – sudan, suda boğulmaqdan qorxma;
-helotofobiya – gülüş obyekti olmaqdan qorxma;
-mizofobiya – yoluxucu xəstəliyə tutulmaqdan qorxma;
-maniofobiya – psixi xəstəliyə tutulmaqdan qorxma;
-tanatafobiya – ölümdən qorxma; yatrofobiya – həkimlərdən qorxma;
-sosiofobiya – cəmiyyətdə nalayiq davranmaqdan, insanların pis fikirləşməsindən qorxma;
-akrofobiya – hündürlükdən qorxma;
-qamartafobiya (eozinofobiya) – günah işləməkdən qorxma və s.

Ümumiyyətlə, fobiyaların 100-dən artıq növü mövcuddur.

Nevrozun fiziki əlamətləri

Nevrotik pozuntuların fiziki əlamətləri müxtəlif növ vegetativ pozuntuları, nevroloji qüsurları və somatik problemləri əhatə edir. Nevrozun ən ümumi fiziki simptomları aşağıdakılardır:
-sıxıcı xarakterli "nevrastenik dəbilqəsi" adlanan xroniki baş ağrısı;
-ürək çatışmazlığı kimi qəbul edilən ürək nahiyəsində narahatlıq və ya ağrı hissiyyatı;
-epiqastral zonada ağrı, mədədə ağırlıq;
-başgicəllənmə, tarazlığın çətinliklə qorunması, yeriyərkən səndələmə;
-qan təzyiqinin tez-tez dəyişilməsi;
-gözlərin qarşısında "uçan nöqtələrin" görünməsi, görmə itiliyinin pisləşməsi;
-əllərdə zəiflik və titrəmənin olması;
-boğazda "yumaq olması" hissi, dərin nəfəs almaqda çətinlik, havanın çatışmaması hissi;
-qida qəbulu vərdişləri pozuntuları - bulimiya, qidadan imtina, iştahanın pozulması;
-müxtəlif dispepsik pozuntular;
-hiperhidroz - həddindən artıq tərləmə;
-ürək ritminin pozulması;
-tez-tez sidik ifrazına ehtiyacın yaranması;
-intim sahədə problemlərin ortaya çıxması - cinsi istəklərin azalması, cinsi əlaqəyə girməyin mümkün olmaması, eyakulyasiyanın tez baş verməsi, qadınlarda menstruasiya dövrünün dəyişilməsi.

Bir çox hallarda nevroz kişilərdə impotensiyaya səbəb olur və qadınlarda hamilə qalmağı mümkünsüz edir. Nevroz tez-tez qastrit, pankreatit, xolesistit kimi müxtəlif somatik problemlərə yol açir. İnsanın nevrotik vəziyyəti arterial hipertoniya xəstəliyi və ürək problemləri ilə nəticələnə bilər. Buna görə nevrotik pozuntuların vaxtında müalicəsi - insanın möhkəm sağlamlığının və rifahının əsasını təşkil edir.

Nevrozun ayrı-ayrı növlərinin simptomları

Nevrasteniya

Nevrozun çoxsaylı simptomları mövcuddur, onların arasında eləsi vardır ki, xəstəliyin tam şəkildə təzahür etməsi mərhələsində bütün xəstələrdə müşahidə oluna bilər. Xəstəliyin başlanğıcında vegetativ pozuntular qeyd olunur, bu əlamətlər sinir-psixi sferanın həddən artıq yüklənməsinin ilk siqnalı olur. Hətta əhəmiyyətsiz bir həyəcan və ya yüngül fiziki gərginlik nəticəsində xəstələrdə taxikardiya, tərləmə, ətrafların soyuqluğu yaranır, yuxusu itir, iştahı pisləşir. Həssaslığın həddindən çox artması bəzən o qədər kəskin şəkildə ifadə edilir ki, xəstələr adi qıcıqlardan əziyyət çəkirlər. Gözlərin həssaslığı o dərəcəyə çatır ki, xəstələr hətta adi, diffuz işıqdan qıcıqlanır, pəncərələri pərdələrlə bağlamağa məcbur olurlar; onlarda ani aclıq inkişaf edə bilər, həmçinin güclü baş ağrıları əmələ gəlir. Xəstəliyin növbəti mərhələsində müxtəlif somatosensor pozuntular meydana çıxır, xəstədə daxili orqanlar tərəfindən gələn duyğulara həssaslıq artır. Xəstələr temperatur dəyişikliklərini pis keçirirlər, onlar sərin havalarda titrəyir, istidə isə güclü şəkildə tərləyirlər. Qulaqlarda davamlı səs-küy duyğusu olur, onlar ürəyin, mədənin, bağırsağın işini “hiss edirlər”. Bu hissiyyat xəstəni "özünü dinləməyə" təşviq edir, hipoxondik şikayətlərin dairəsi genişlənə bilər. Sonra affektiv pozuntular - əhvali-ruhiyyənin pozulmaları əlavə olunur. Çox əhəmiyyətsiz bir hadisə xəstələrin göz yaşlarına səbəb olur, onlar tez bir zamanda kədərlənir və ya qəzəblənir, ancaq qısa bir müddətdə sakitləşə və səbirsiz olduqlarına görə özlərini günahlandıra bilirlər. Xəstələr hər xırda bir şeyə görə narahat olurlar, əhəmiyyətsiz hadisələr səbəbindən fikir çəkirlər. Bir çoxlarında qıcıqlanmaq onların hiddətlənməsi və özlərindən çıxması ilə birləşir. Əhvali-ruhiyyə son dərəcədə qeyri-sabit olur. Hər bir əhəmiyyətsiz uğursuzluq xəstəni uzun müddətə tarazlıqdan çıxarır.
Zehni fəaliyyətdə də çətinliklər yarana bilər (oxumaq, təhsil prosesində mühazirə materialını mənimsəmək və s. çətin olur), vacib bir şeyə diqqəti yönəltmək çətinləşir və bu səbəbdən əmək məhsuldarlığı aşağı düşür. Diqqəti cəmləşdirməyin çətinləşməsinə görə xəstələrdə mücərrəd anlayışlarla bağlı yaddaşın pozulması baş verə bilər.
Nevrasteniyanın 2 variantı var:
-əhəmiyyətli yüklənmələrə səbəb olan üzülmə nevrozu
- psixotravmatik amillərin təsirindən yaranan reaktiv nevrasteniya.
Həmçinin hiperstenik və hipostenik nevrasteniya da ayırd edilir ki, bu formaları xəstəliyin özünün inkişaf mərhələləri kimi qiymətləndirmək daha düzgün olardı:
- hiperstenik forma üçün qıcıqlanma, xarici təsirlərə qarşı həssaslığın artması, diqqətin pozulması daha çox xarakterikdir.
- hipostenik formada yorğunluq, süstlük və əmək qabiliyyətinin aşağı düşməsi üstünlük təşkil edir.
Nevrasteniyanın gedişi digər nevrotik simptomların (ayrı-ayrı sayrışan şübhələr, qorxular, isterik reaksiyalar və s.) əlavə olunması səbəbindən əlverişsiz ola bilər.
İsterik nevroz
Qədim Misirdə və Yunanıstanda qadınlarda isteriyanın yaranması uşaqlığın xəstəlikləri (yunanca hystera – “uşaqlıq” deməkdir) ilə əlaqələndirilirdi. Nevrozun bu növü müxtəlif funksional psixi, somatik və nevroloji pozuntularla özünü göstərir. İsteriyası olan xəstələrin vəziyyətinin dəyişkənliyi ilə əlaqədar olaraq, onun simptomları somatik xəstəliklər də daxil olmaqla bir sıra xəstəlikləri xatırladır. J. Şarko, bununla əlaqədar olaraq, isteriyanı "böyük simulyant" adlandırmışdı. İsterik təzahürlərə daha çox qadınlar arasında yayılmış zehni və emosional yetişməzlik (infantilizm), labillik kimi amillər yönəldici təsir göstərir.
İsterik nevroz zamanı vegetativ, motor və hissi pozuntular müştərək halda rast gəlinir ki, bu da nevrozun simptomatikasının somatik patologiya ilə bir araya gəlməsinə səbəb olur. Bu cür xəstələr üçün eqosentrizm, daim diqqət mərkəzində olmağa can atmaq, aparıcı rol oynamaq, yüksək emosionallıq, əhvali-ruhiyyənin dəyişkənliyi, ağlağanlıq, şıltaqlıq, aludəçiliyə və şişirtməyə meyllik və s. cəhətlər xarakterikdir. Belə xəstələrin özünəməxsus davranış tərzi olur: nümayişkaranilik, teatrallıq, infantilizm qeyd edilir, sadəlik və təbiilik olmur. Belə bir təsəvvür yaranır ki, xəstə "öz xəstəliyindən razıdır".
İsteriya zamanı vegetativ təzahürlər bədəndə müxtəlif xoşagəlməz hisslərin olması kimi çoxlu şikayətlər şəklində meydana çıxa bilər. İsterik nevrozun ən çox müşahidə edilən vegetativ simptomları mədə-bağırsaq traktının pozuntuları (ürəkbulanma, qusma, ağrı, gəyirmə) və müxtəlif dəri hissiyyatı (yanma, qaşınma, keyimə) şəklində qeyd edilir. Vegetativ pozuntular həmçinin başgicəllənmə, huşitirmə, taxikardiya şəklində də baş verə bilər.
Sensor pozuntular bədənin müxtəlif nahiyələrində aşkar edilə bilən və kifayət qədər yayılmış olan hissiyyat pozuntuları (corab, əlcək, kəmər şəklində, hətta bədənin yarısını əhatə etməklə) ilə xarakterizə olunur. İsterik ağrılar həmçinin bədənin demək olar ki, bütün nahiyələrində (oynaqlar, ətraflar, qarın boşluğu üzvləri, ürək) müşahidə oluna bilər, bununla əlaqədar olaraq xəstələr tez-tez cərraha müraciət edir və onlara hətta laparoskopiya icra olunur ("Münhauzen sindromu"). İsterik nevroz zamanı karlıq, korluq kimi hallar baş verə bilər ki, bu da bir qayda olaraq, mənfi təbiətli psixogen təsirlərlə əlaqədar olur.
Hərəkət pozuntuları, əksər hallarda, əzələlərin (əsasən ətraflarda) iflici və ya parezi, kontrakturalar, mürəkkəb hərəki aktların icrasının mümkünsüzlüyü və ya müxtəlif hiperkinezlər, ətraflarda və bütün bədən boyunca titrəmələr, blefarospazm, xoreik hərəkətlər, səyrimələr şəklində təzahür edir. Bu hallar təlqin altında və ya diqqəti yayındırarkən yox ola bilir. İsterik tutma hal-hazırda çox nadir hallarda rast gəlinir. Epileptik tutmalardan fərqli olaraq, xəstələr dilini dişləmir, elə yıxılırlar ki, zədələnməsinlər, baş verən hər şeyi dərk etmək və qiymətləndirmək iqtidarında olurlar. İsterik tutma zamanı bədənin ayrı-ayrı hissələrinin səyriməsi və ya ümumi titrəmə müşahidə olunur. Bəbəklərin işığa reaksiyası saxlanılmış olur. Çox vaxt xəstələr öz paltarını cırır, başlarını döşəməyə çırpırlar. Tutma zamanı xəstələr tez-tez inildəyir və ya bəzi sözləri bağırırlar. Adətən, xəstələr yıxılarkən dilini dişləmir və zədələnmirlər (lakin dodağın və ya yanağın dişlənməsi baş verə bilər). Şüur ən azı qismən saxlanmış olur. Xəstə tutmanı xatırlayır. Qeyri-iradi sidik ifrazı baş vermir, tutmadan sonra yuxuya getmək müşahidə edilmir. Bəzən isterik tutmalar daha zəif şəkildə təzahür edir: xəstə oturur və ya uzanır, ağlamağa və ya gülməyə başlayır, ətrafları (əlləri) ilə müxtəlif hərəkətlər edir. Onun hərəkətləri nümayişkaranə xarakter daşıya bilər: xəstə öz saçlarını yolmağa, bədənini cızmağa, əlinə keçən əşyaları tullamağa cəhd göstərir.
Nitq pozuntuları: bunlara isterik afoniya (səsin itkisi), mutizm, kəkələmə, isterik hecavi nitq daxildir.
Affektiv pozuntular emosiyaların həddən artıq labilliyi, əhvali-ruhiyyənin kəskin dəyişməsi şəklində təzahür edir. Xəstələr asanlıqla ağlamaqdan, hönkürtüdən gülməyə, vəhşi qəhqəhələrə keçə bilirlər.

Bütün isterik pozuntuların psixogenik xarakteri tamamilə aydındır, bunu eynilə somatik təzahürlərə də aid etmək olar.

Sayrışan hallar nevrozu (obsessiv-fobik nevroz)

Bu tip nevrozda xəstələrdə özləri tərəfindən yad, xoşagəlməz və ağrılı qəbul edilən sayrışan (obsessiv) qorxular, fikirlər, hərəkətlər, xatirələr yaranır. Eyni zamanda xəstələr müstəqil şəkildə bu sayrışan hallardan azad ola bilmirlər. Xəstəliyin mənşəyində konstitusional-şəxsi meyllilik mühüm rol oynayır. Belə xəstələr arasında refleksiyaya (özünüanalizə) meylli, eləcə də narahat-vasvası insanlar üstünlük təşkil edir. Nevrozun bu növünün ən çox rast gəlinən simptomu müxtəlif qorxulardır (fobiyalar). Ağır somatik və ya yoluxucu xəstəliklərə (kardiofobiya, kanserofobiya, siffilobiya, spidofobiya və s.) tutlmaq qorxusu üstünlük təşkil edir və xəstələrin çox hissəsi daim daxili xəstəliklərin olmadığından əmin olmaq üçün müxtəlif həkimlərə müraciət edir. Fobik pozuntular olduqda, xəstələr qorxu yaradan vəziyyətdən xilas olmaq üçün əllərindən gələni edirlər. Daxili orqanlarının işinə diqqət yetirilməsi hipoxondrik pozuntunun meydana gəlməsinə səbəb olur. Daha az hallarda nevrozun xüsusiyyətləri sayrışan fikirlərdən hansı birinin üstünlük təşkil etməsi ilə xarakterizə olunur. Xəstələrdə, istəklərinə rəğmən xilas ola bilmədikləri kompulsiv xatirələr yaranır. Bəzi xəstələr mənasız yerə pilləkənləri və ya yanından ötüb-keçən müəyyən rəngli avtomobilləri sayır, dəfələrlə özlərinə müxtəlif suallar verir və onlara cavab verməyə çalışırlar (niyə "stol" sözündə 4 hərf, "fənər" sözündə isə 5 hərf var; nə üçün soba stol deyil, amma hər iki sözdə 4 hərf var və s.). Xəstələr bu cür fikirlərin mənasız olduğunu dərk edirlər, ancaq bunlardan xilas ola bilmirlər. Onlar tərəfindən hər hansı bir utancverici hərəkətlər etmək, məsələn, cəmiyyət içində söyüş söymək və ya öz övladlarını öldürmək (təzadlı fikirlər) barədə düşünmək xüsusilə ağır şəkildə yaşanır. Xəstələr bu fikirləri heç vaxt həyata keçirməsələr də, təkcə onların yaranmasını ağrılı şəkildə yaşayırlar. Belə pozuntulardan başqa, sayrışan hərəkətlər (kompulsiyalar) də ola bilər. Məsələn, qapının bağlandığını, qaz və ya ütünün söndürülmüş olub-olmadığını yoxlamaq üçün evə qayıtmaq, ideal təmizlik əldə etmək üçün əllərin kompulsiv yuyulması (gündə 100 dəfə və daha artıq) və s. Bir sıra hallarda obsessiyanın aradan qaldırılması üçün sayrışan hərəkətlər (ayinlər) meydana gəlir. Məsələn, xəstə yalnız 6 dəfə atılıbdüşəndən sonra evdən çıxa bilər, çünki bundan sonra o, sakitləşir və həmin gün ona pis bir şey olmayacağından əmin olur və s.
Sayrışan hallar nevrozunun dinamikasında 3 mərhələ ayırd edilir. Birinci mərhələdə obsessiv qorxu yalnız xəstənin bir şeydən qorxduğu bir vəziyyətdə yaranır, ikincisi - oxşar vəziyyətdə olmağı düşünərkən, üçüncüsündə - şərti patogen stimul rolunu hər hansı bir şəkildə fobiya ilə əlaqəli söz oynayır (məsələn, kardiofobiya zamanı belə sözlər "ürək", "damarlar", "infarkt", kanserfobiya zamanı "şiş", "xərçəng" və s. ola bilər.). Sayrışan hallar nevrozunun gedişatı çox vaxt uzun müddət çəkir, şəxsiyyətin nevrotik inkişafının formalaşması baş verir.

Həyəcanlı-fobik pozuntular (qorxu nevrozu)

Həyəcanlı-fobik nevrozun psixopatoloji təzahürləri arasında panik hücumları, aqorafobiya və hipoxondrik fobiyalar daha çox rast gəlinir.

Panik hücumlar - gözlənilmədən meydana gələn və sürətlə, bir neçə dəqiqə ərzində vegetativ pozuntuların artan simptomatik kompleksi (vegetativ böhran - taxikardiya, döş qəfəsi nahiyəsində narahatlıq, boğulma hissi, havanın çatmaması, tərləmə, başgicəllənmə), gözlənilən ölüm hissi, huşun və ya özünənəzarətin itirilməsi, dəli olmaq qorxusu ilə birləşir. Panik hücumların təzahür müddəti dəyişkən olsa da, adətən 20-30 dəqiqə davam edir.

Aqorafobiya (açıq sahələrdən qorxma)- bir qayda olaraq, panik hücumlarla əlaqəli (və ya sonra) ortaya çıxır və mahiyyət etibarilə panik hücum təhlükəsi ilə dolu bir vəziyyətə düşməkdən qorxudan ibarətdir. Aqorafobiyanın meydana çıxmasına səbəb olan tipik vəziyyətlərə misal olaraq metroya minməyi, mağazada və ya böyük bir kütlənin içərisində olmağı və s. göstərmək olar.

Hipoxondrik fobiyalar (nozofobiyalar) - hər hansı bir ağır xəstəlikdən obsessiv qorxudur. Ən çox kardio-, kansero - və insultofobiyalar, həmçinin sifilis - və AIDSofobiyalar müşahidə olunur. Narahatlığın dərəcəsi həddən artıq artdıqda xəstələr bəzən öz sağlamlıq durumlarına tənqidi münasibəti itirirlər - müvafiq profilli həkimlərə müraciət edir və müayinə olunurlar. Hipoxondrik fobiyalar sayrışan hallar nevrozunda da çox rast gəlinən simptomdur.

Həyəcanlı-fobik pozuntularda mərkəzi yeri panik pozuntu (epizodik paroksizmal narahatlıq) tutur. İlk növbədə, panik pozuntu xəstəliyin başlanğıcını müəyyən edir. Panik hücumlarla təzahür edən narahatlıqla əlaqədar olan psixopatoloji pozuntuların dinamikasının 3 variantı qeyd edilir.

Birinci variant nisbətən nadir hallarda rast gəlinir (bütün xəstələrin 6,7%-i). Onların klinik təzahürü yalnız panik hücumlarla təmsil olunur. Panik hücumlar təcrid olunmuş simptomokompleks şəklində, koqnitiv və somatik narahatlıq əlamətlərilə (hipertipik panik hücumları) harmonik birləşərək təzahür edir və davamlı ruhi pozuntuların meydana gəlməsi ilə müşayiət edilmir. Panik hücumların klinik görünüşü yalnız ikincili xarakterli olan davamsız hipoxondrik fobiyalar və aqorafobiya hallarının hesabına genişlənir. Kəskin dövr bitdikdən və panik hücumların aradan qalxmasından sonra yanaşı gedən psixopatoloji pozuntuların da geriyə inkişafı baş verir.

İkinci variantda (həyəcanlı-fobik pozuntuları olan bütün xəstələrin 33,3%), narahatlıq pozuntuları panik hücumları və davamlı aqorafobiyanı özündə birləşdirir. Bu variantda rast gələn panik hücumların fərqləndirici xüsusiyyətləri onlardan əvvəl psixopatoloji pozuntuların olmaması; tam sağlam vəziyyətdə olarkən, qəflətən həyat üçün təhlükəli bir hadisənin baş verməsi barəsində narahatlıq hissi ilə (vegetativ pozuntularının minimal ifadə olunması ilə) koqnitiv həyəcanın üstünlük təşkil etməsi; aqorafobiyanın bu prosesə sürətlə qoşulmasıdır.

Panik hücumlar birdən, qabaqcadan xəbər verən heç bir əlamət olmadan meydana çıxır, həyat üçün qorxu, generalizə olunmuş narahatlıq və qoruyucu davranışın tez (bəzən ilk tutmadan sonra) formalaşması ilə xarakterizə olunur. Panik hücumlarının geriyə inkişafı ilə bərabər psixopatoloji pozuntuların aradan tam qalxması baş vermir. Kliniki mənzərədə ön plana aqorafobiya çıxır və o, nəinki azalmır, əksinə, sabit və panik hücumlardan asılı olmayan bir xarakter alır.

Panik hücumların bu variantında xəstələrin bütün həyat tərzinin tabe olduğu əsas ideya, ağrılı təzahürlərin, yəni panik hücumların ortaya çıxması üçün şəraitin aradan qaldırılması olur. Panik hücumların qarşısını almaq üçün tədbirlər təkrari hücum qorxusu anından başlanır və tədricən daha da qəlizləşərək mürəkkəb bir hipoxondrik sistemə çevrilir. İş yerinin dəyişdirilməsi (işdən çıxmağadək), "ekoloji cəhətdən təmiz" rayonlara köçüb getmə və s. daxil olmaqla qoruyucu və adaptiv tədbirlər kompleksi hazırlanır. Formalaşmış hipoxondrik tədbirlər nəticəsində aqorafobiyanın təzahürləri nəinki azalmır, əksinə, davamlı bir xarakter alır.

Üçüncü variant (xəstələrin ümumi sayının 60% -i) vegetativ böhran ( Da Kosta sindromu ) tipində inkişaf edən və hipoxondrik fobiyalarla bitən panik hücumları olan narahatlıq-fobik pozuntuları əhatə edir. Panik hücumlarının fərqləndirici xüsusiyyətləri: uzun sürən prodromal mərhələ - həyəcanın subklinik təzahürlərinin algiya və konversion simptomlarla birləşməsi; hücumların psixogen mənşəli olması; somatik narahatlıqlar içərisində ürək-damar və tənəffüs sistemlərinə aid olan əlamətlərin üstünlük təşkil etməsi; hipoxondrik əlamətlərin və aqorafobiyanın təzahürünün güclənməsi olur.

Panik hücumların ikinci variantında olduğu kimi hücum tutması keçdikdən (kəskin mərhələ) sonra narahatlıqla ifadə olunan psixopatoloji pozuntuların tamamilə aradan qalxması baş vermir. Ön plana hipoxondrik fobiyalar (kardio-, insulto-, tanatofobiya) çıxır ki, bunlar da aylar və hətta illər ərzində xəstəliyin klinik şəklini müəyyənləşdirir. Xəstələrdə öz səhhəti barəsində daimi hipoxondrik narahatlıq (nevrotik hipoxondriya) formalaşır.

Diaqnoz və diferensial diaqnostika

Nevrozun diaqnostikasında aparıcı rolu xəstənin anamnezində psixotravmatik amilin müəyyən edilməsi, onun keçdiyi psixoloji testlərin nəticələri, şəxsiyyətinin strukturunun tədqiqi və patopsixoloji müayinəsinin göstəriciləri oynayır.

Nevrozlu xəstələrin nevroloji statusunda heç bir ocaqlı simptomatika aşkar edilmir. Vətər və sümüküstü reflekslərin güclənməsi, ovucların hiperhidrozu, əlləri irəli uzadan zaman barmaqlarının ucunun tremorunu aşkar etmək mümkündür. Üzvi və ya damar mənşəli serebral patologiyanı istisna etmək üçün nevropatoloq EEQ, baş beynin MRT və KT, beyin damarlarının REQ, USDQ müayinələrinin köməyindən istifadə edir. Yuxu pozuntuları zamanı somnoloqun müayinəsi və polisomnoqrafiyanın aparılması mümkündür.

Nevrozun oxşar kliniki gedişə malik psixiatrik (şizofreniya, psixopatiya, bipolyar pozuntu) və somatik (stenokardiya, kardiomiopatiya, xroniki qastrit, enterit, qlomerulonefrit) xəstəliklərlə diferensial diaqnostikasını aparmaq lazımdır. Nevrozla xəstə olan şəxs, psixiatrik xəstədən fərqli olaraq öz vəziyyətini yaxşı anlayır, onu narahat edən simptomları dəqiq təsvir edir və onlardan yaxa qurtarmaq istəyir. Mürəkkəb hallarda, müayinə planına psixiatrın müayinəsi də əlavə edilir.

Nevrozun aparıcı simptomologiyasına əsasən daxili orqanların patologiyasını istisna etmək üçün aşağıdakılar təyin edilir: kardioloqun, qastroenteroloqun, urоlоqun, ginekoloqun və digər mütəxəssislərin konsultasiyaları; EKQ, qarın boşluğunun USM, FQDS, sidik kisəsinin USM, böyrəklərin KT və digər müayinələr.

Nevrozun müalicəsi

Nevroz sərhəd xəstəliyi hesab olunur və onun müalicəsi ilə həm nevropatoloqlar, həm də psixoterapevtlər məşğul ola bilərlər. Bununla belə, nevrozun daha dərinləşmiş formalarının müalicəsi ilə psixoterapevtlərin məşğul olması məsləhətdir.

Yalnız geniş təcrübə və məlumat bazası olan bir səlahiyyətli mütəxəssis xəstəliyin əsl səbəblərini müəyyən edə və xəstəsinə köməklik göstərə bilər. Müsbət haldır ki, nevrozdan əziyyət çəkən insanlar öz vəziyyətlərinə tənqidi yanaşırlar və könüllü olaraq özlərinə kömək etmək üçün əllərindən gələni edirlər. Nevroz geridönən xəstəlikdir. Düzgün və kompleks bir yanaşmanın köməyilə ondan birdəfəlik xilas olmaq mümkündür.

Nevrotik pozuntulardan necə qurtulmaq olar? Bu gün nevrozları müalicə etmək üçün bir çox metod işlənib hazırlanmış və uğurla istifadə edilir. Lakin nevrozun müalicəsində ümumi tövsiyələr vermək mümkün deyil. Çünki müalicə rejimi yalnız xəstənin ətraflı müayinəsindən və düzgün diaqnoz təyin edildikdən sonra fərdi qaydada seçilməlidir. Həkimin əsas vəzifəsi, nevrozun mənşəyini təyin etməklə, xəstəliyin əsl səbəbini müəyyən etməkdir.

Ənənəvi olaraq, nevrozlara münasibətdə psixoterapevtik üsulları və farmakoterapiyanı özündə birləşdirən kompleks müalicədən istifadə edilir. Nevrozların müalicəsinə həmçinin xəstələrə relaksasiya və özünütənzimləmə qaydalarının öyrədilməsi, müəyyən bir pəhriz və gün rejiminə riayət etmək, fiziki məşğələlər, akupunktur və fitoterapiya proqramları da daxildir.

Yüngül hallarda yalnız psixoterapevtik müalicə kifayət edə bilər. Psixoterapiya nevroz xəstəsinin öz vəziyyətinə münasibətini dəyişmək və daxili münaqişəsini həll etmək məqsədi daşıyır.

Nevrozun müalicəsinin əsasını travmatik səbəbin təsirinin aradan qaldırılması təşkil edir. Bu, psixotravmatik vəziyyəti aradan qaldırmaqla (bu, çox nadir hallarda mümkündür) və ya xəstənin mövcud vəziyyətə olan münasibətini dəyişməklə mümkün olur ki, bu zaman artıq həmin vəziyyət onun üçün travmatik bir amil olmur. Bu baxımdan müalicədə aparıcı rol psixoterapiyaya məxsusdur.

Psixoterapiya

Psixoterapiya, xəstənin mövcud duyğularını düzgün ifadə etməyə, onları reallaşdırmağa, bir insanın toplamış olduğu neqativ təcrübənin bütün təzahürlərini yenidən düşünməyə imkan verir. Psixoterapiya insana nevrozun səbəbini ayırd etməyə, qorxularını başa düşməyə, özünə və dünyaya müsbət tərəfdən yanaşmağa, həyəcanlı vəziyyətləri zərərsizləşdirməyə və panik hücumları dayandırmağa imkan yaradır. Nevrozların müalicəsində psixoterapevtlər tərəfindən istifadə edilən müalicə üsulları:

Erikson hipnozu - xəstə, onun bilinçsuz (huşsuz) halını aktivləşdirən hipnotik trans halına salınır. Bu hal davranış problemlərinin həllində və sinir tükənməsi əlamətlərinin aradan qaldırılmasında ən vacib mənbə rolunu oynayır.
Göz hərəkətləri ilə emal və desensibilizasiya üsulu - mütəxəssisin rəhbərliyi altında həyata keçirilən bu metod, psixikaya travmatik təcrübələri nəzərdən keçirməyə və nevroz, qorxu, sinir sisteminin üzülməsi və psixoloji travmada neqativ təcrübələrin təsirini aradan qaldırmaq üçün təbii bir prosesi işə salmağa imkan verir.
Davranış psixoterapiyası - psixoterapevtin konsultasiyası prosesində xəstənin optimal davranış bacarıqları modelləşdirilir və effektiv özünüidarəetmə tədris olunur.
Koqnitiv psixoterapiya - mütəxəssis xəstədə, onda təşviş, qorxu və sinir sisteminin üzülməsinə səbəb olan vəziyyətin qavranılmasını və ona düzgün reaksiya verilməsini tənzimləyir.
Psixodinamik psixoterapiya - psixoterapevtik sessiyalar zamanı, xəstənin dəyərlər və ehtiyaclar sistemi tədqiq olunur, onun başına gəlmiş hadisələrin və proseslərin yeni, müsbət anlayışının formalaşmasına yardım göstərilir.
İnteqral transpersonal psixoterapiya - tənəffüs texnikasının, bədən oriyentasiyalı terapiyanın, art-terapiyanın - incəsənət müalicəsinin (musiqinin, bədii filmlərin, kitabların və s. köməyilə), psixosintezin və psixoloji məsləhətləşmənin elementlərini özündə birləşdirir ki, bunlar da xüsusi travmatik vəziyyətlərə münasibətdə xəstənin həyat mövqeyinin dəyişilməsinə gətirib çıxarır.

Dərman müalicəsi

Nevrozun dərman müalicəsi adətən antidepressantlar, əsasən benzodiazepin sırasından olan trankvilizatorlar, neyroleptiklər, anksiolitiklər və sedativ preparatlardan, vitaminoterapiyadan ibarətdir. Nevroz beyin qan təchizatında bəzi problemlər nəticəsində yarandığı hallarda, nootrop preparatlardan və sinir sisteminin fəaliyyətini gücləndirən dərman vasitələrindən istifadə etmək məsləhətdir.

Yadda saxlamaq lazımdır ki, dərman müalicəsi yalnız xəstəliyin əlamətlərini aradan qaldırmağa kömək edir və xəstənin ümumi vəziyyətini yaxşılaşdırır. Lakin dərmanlar xəstəliyin səbəbinə təsir edə bilmir, buna görə də onların köməyi ilə nevrozdan tamamilə xilas olmaq mümkün deyil.

Antidepressantlar

Antidepressantlar nevrozun müalicəsində istifadə edilən ən təsirli dərmanlardır. Onlar xəstənin psixoemosional vəziyyətinə təsir göstərərək həyəcan, narahatlıq, qorxu və panik hücumları aradan qaldırır. Həmçinin onlar sayrışan hallar nevrozunda ayinlərə patoloji diqqətin effektiv aradan qaldırılmasına kömək edir. Bu qrup preparatların gərginliyi və narahatlığı aradan qaldırmsı səbəbindən, onların tətbiq olunması vegetativ təzahürləri azaldır və ya tamamilə aradan qaldırır.
Bu preparatların təsir xüsusiyyətlərindən biri də onların qorxunu tamamilə aradan götürməsidir. Bunun hesabına xəstələr rahat şəkildə küçəyə çıxa və əmək fəaliyyəti ilə məşğul ola bilirlər.

Ən məşhur antidepressantlar arasında:
Sitalopram (Espa) – 20 mq dozasında, sutkada 1 dəfə daxilə;
Anafranil (Klomipramin) – İlk 7 gün ərzində 2 ml 1,25%-li məhlulunu sutkada 2 dəfə əzələyə, sonra 25 mq dozasında, səhər və günorta, hər dəfə 2 tablet daxilə;
Befol – 25 mq-lıq tabletlər, səhər və günorta, hər dəfə 2 tablet daxilə;
Fluoksetin (Prozak) – 20 mq dozasında kapsulu və ya tableti, sutkada 1 dəfə, səhərlər daxilə;
Ludiomil (Maprotilin) – 50 mq-dan, sutkada 3 dəfə, 1 tablet daxilə;
Amitriptilin (Lantron) – 25 mq dozasında, sutkada 3 dəfə 1 tablet daxilə;

Fevarin (Fluvoksamin) – 100 mq dozasında, sutkada 1 dəfə axşam daxilə qəbul etməli. Antidepressantların terapevtik effekti 1,5-2 həftədən sonra əldə edilir. Müalicənin başlanğıcında xəstədə psixi patologiyanın kəskinləşməsi baş verə bilər - intensiv, davamlı qorxu inkişaf edə bilir. Lakin kombinə edilmiş dərman preparatlarının tətbiqinin ilk günündən müsbət nəticə əldə etmək olur.

Trankvilizatorlar

Farmakoloji təsirinə görə trankvilizatorlar 5 əhəmiyyətli funksiyanı yerinə yetirir: yuxugətirici təsir göstərir, əzələ gərginliyini aradan qaldırır, narahatlıqları yox edir, sakitləşdirir, qıcolma tutmalarının inkişafına mane olur. Psixoterapevtlər onları nevrozun qorxu və artan narahatlıqla ağırlaşdığı hallarda təyin edirlər. Trankvilizatorlar effektiv şəkildə psixoemosional stressləri aradan qaldırır, yuxunu normallaşdırmağa kömək edir. Trankvilizatorların aktiv maddələri baş beynin emosional sahəyə nəzarət edən mərkəzlərinə: hipotalamusa, beyin kötüyünün retikulyar formasiyasına, talamik nüvələrə tormozlayıcı təsir göstərir.

Aşağıda qeyd edilən trankvilizatorlar daha geniş tətbiq olunur:
Fenazepam – 1 mq dozasında, sutkada 2 dəfə daxilə;
Diazepam (Relanium, Sibazon, Seduksen) – 5 mq dozada, sutkada 2 dəfə daxilə;
Elenium (Xlozepid) – 5 mq dozasında, sutkada 2 dəfə daxilə;
Qrandaksin (Tofizopam) – 50 mq dozasında, sutkada 2 dəfə daxilə (yuxululuq vermədiyindən gündüz trankvilizatoru hesab edilir);
Ataraks (Hidroksizin) – 25 mq dozadan, sutkada 2 dəfə daxilə;
Ksanaks (Alprazolam) – 0,5 mq dozadan, sutkada 2 dəfə daxilə;
Meprotan (Meprobamat, Harmonin) – 0,2 q dozasında, sutkada 2 dəfə daxilə qəbul etməli.

Nevrozlar zamanı əsəb pozuntusunun dərəcəsindən asılı olaraq bəzi hallarda trankvilizatorları inyeksiya şəklində də tətbiq edirlər. Bu məqsədlə ən çox istifadə olunan preparatlar Sibazon və Amizildir. Trankvilizatorları spirtli içkilərin qəbul edilməsi ilə birgə tətbiq etmək olmaz.

Neyroleptiklər

Nevrozların müalicəsində neyroleptik preparatlar antipsixotik effektə malik olduğundan, orqanizmə əhəmiyyətli təsir göstərir. Bu qrup preparatlar qorxu duygusunu aradan qaldırdığından gərginliyi zəiflətməyə kömək edir. Buna görə də neyroleptiklər psixoemosional halın üzülməsi zamanı nevrozlarda geniş istifadə olunur. Nevrozlar zamanı "yumşaq" neyroleptiklər tətbiq olunur:

  • Teralen (Alimemazin) - 4%-li məhlulu, sutkada 3 dəfə 15 damcı daxilə;
  • Eqlonil (Sulpirid) - 0,1 q dozasında, sutkada 2 dəfə daxilə;
  • Sonapaks (Tioridazin, Melleril) - sutkada 50-100 mq daxilə;
  • Triftazin (Stelazin) - 5 mq dozadan, sutkada 2 dəfə daxilə təyin edilir.

Nootrop preparatlar

Bu qrup preparatlar nevrozun başlanğıc mərhələsində yaxşı təsir göstərir. Nootrop preparatlar baş beynin funksional imkanlarına güclü müsbət təsir göstərərək, onu qıcıqlandırıcı amillərin zərərli təsirlərinə qarşı daha dözümlü edir. Onlar xəstənin əqli fəallıq səviyyəsini artırır, onun intellektual qabiliyyət göstəriciləri yüksəlir, diqqətin cəmləşməsi ilə bağlı problemlər tədricən aradan qalxır, yaddaş normallaşır.

Nevrozların müalicəsində aşağıdakı preparatlar istifadə olunur:

  • Aktovegin - 0,2 q dozasında, 1 tablet sutkada 2 dəfə və ya 5 ml məhlulu əzələyə və ya venaya;
  • Serebrolizin - 1 ml məhlulu əzələyə və ya venaya;
  • Pirasetam (Nootropil) - 0,8 q dozasında kapsulu və ya tableti, sutkada 2 dəfə daxilə və ya 5 ml 20% -li məhlulu əzələyə;
  • Fezam - 1-2 kapsuldan, sutkada 3 dəfə daxilə;
  • Pantoqam - 0,5 q dozasında, sutkada 2 dəfə daxilə təyin edilir.

Zəif ifadə olunan antidepressant effekti olmasına görə nootrop preparatlar psixomotor tormozlanma, apatiyası olan xəstələrin vəziyyətini tənzimləmək üçün uğurla istifadə olunur; beyin toxumasının oksigenlə doymasına kömək edir, hipoksiyanın inkişafına maneə törədir. Nevrozlu xəstələr üçün enerji təchizatı mənbəyi həmin dərmanların tərkibində olan yağ turşularıdır. Bu farmakoloji qrupun aktiv komponentlərinin əhəmiyyətli bir xüsusiyyəti qan və beyin toxumlarından toksiki maddələri çıxarması qabiliyyətidir.

Sedativ preparatlar

Sedativ və ya sakitləşdirici preparatlar əsəbilik, qorxu və narahatlıq hissini, panik hücumları yatıra bilmək qabiliyyətinə malikdir. Onlar emosional vəziyyəti yaxşılaşdırır və psixoterapevtik seansın effektivliyini təmin edir. Sedativ preparatlar bitki mənşəli, bromidlər və barbituratlar qrupuna bölünür.

Ən çox istifadə olunan bitki mənşəli vasitələr:
-Valerian (Pişikotu) tinkturası və tabletləri – 20 damcıdan, sutkada 3 dəfə və ya 20 mq dozaslnda tabletlər, sutkada 3 dəfə 2 tablet;
-İnkarnat passiflorası əsasında preparatlar: Novopassit və Alora. Hər iki preparatdan sutkada 3 dəfə 1 ölçü qaşığı daxilə;
-Silenteks, Sedariston, Valoserdin, Nobrassit, Fitosed və s. preparatları.
- Silenteks – 1 tablet, sutkada 2 dəfə daxilə;
- Sedariston -2 kapsul, sutkada 2 dəfə daxilə;
- Valoserdin – sutkada 3 dəfə, 15-30 damcı daxilə;
- Nobrassit – sutkada 3 dəfə, 1 çay qaşığı ilə daxilə;
- Fitosed – 1 çay qaşığı, sutkada 3 dəfə və ya 1-2 kapsul, sutkada 3 dəfə daxilə təyin edilir.

Barbituratlar həyəcanlanmış MSS-ni sakitləşdirməyə kömək edir. Qıcolma əleyhinə və yuxugətirici təsirləri var. Bu qrupdan olan əsas preparatlar: Fenobarbital (10 mq dozasında, sutkada 2-3 dəfə daxilə), Heksobarbital, Barbamil hesab olunur.

Bromidlər Brom turşunun kalium və natrium duzlarından hazırlanır. Onlar sakitləşdirici təsir göstərir və beyin qabığında tormozlayıcı prosesləri aktivləşdirir. Bu qrupdan olan preparatları uzun müddət istifadə etmək olmaz. Əsas nümayəndələri: Bromokamfora, Kalium-bromid tozu, Natrium-bromid tozu hesab olunur. - Bromkamfora – 0,15 q dozasında, sutkada 2-3 dəfə daxilə; - Kalium-bromid – 0,5 q dozasında, sutkada 3 dəfə daxilə; - Natrium-bromid – 0,5 q dozasında, sutkada 2-3 dəfə daxilə təyin edilir.

Digər preparatlar

Antioksidantlar nevroz zamanı ümumi vəziyyəti yaxşılaşdırmağa kömək edir. Effektiv dərman Fenibutdur. Preparat 0,25 q dozasında, sutkada 3 dəfə təyin edilir.
Qlisin - 0,1 q dozasında, sutkada 3-4 dəfə 1 tablet dil altına təyin edilir.

Nevrozun müalicəsində xəstələrə vitaminoterapiya da təyin edilir:
B qrupu vitaminləri:
- Vitamin B1 (Tiamin bromid) – 1 ml 5%-li məhlulu əzələyə;
- Vitamin B6 (Piridoksin hidroxlorid) – 1 ml 5%-li məhlulu əzələyə təyin edilir.
Həmçinin B qrupu vitaminlərinin kompleks preparatlarından: Milqamma, Trivitron və s. istifadə edilir. Milqamma – 2 ml məhlulunu, günaşırı əzələyə; Trivitron – 3 ml məhlulunu, günaşırı əzələyə təyin edirlər.

PP vitamini (Nikotin turşusu) – 1 ml 1%-li məhlulu dəri altına təyin edilir.

Nevroz əleyhinə təyin edilən hər bir preparat onun minimal dozasından başlayır. Həkim psixi vəziyyətin dinamikasını, habelə hər bir dərmanın tolerantlıq dərəcəsini nəzarətdə saxlayır. Əgər xəstənin vəziyyətinin pisləşməsi müşahidə edilmirsə, həkim əvvəlcə təyin olunmuş dozanı tənzimləyərək, onu bir az da artıra bilər. Dərman asılılığının yaranmasının qarşısının alınması məqsədilə dərman preparatlarının dozalarını tədricən artırmaq, sonda isə tədricən kəsmək məsləhət görülür.

Tibbi məlumatlar

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu.,Zərdabi küç. 53

 +994 12 431 35 31

 +994 12 433 66 84 / 87 / 89 / 91

 +994 50 208 02 55

 info@tusiklinika.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

 Bayram günü : 

Facebook-da Biz

N.Tusi 2024 © Bütün hüquqlar qorunur. Dizayn: İNNOA MMC